Milli Hokkey Liqasında (NHL) məşhur kanadalı hokkey ustası Ueyn Qretskinin rekordunu qıran "Vaşinqton"un rusiyalı hücumçusu Aleksandr Oveçkinin bir neçə il əvvəl verdiyi müsahibə yayımlanıb.
Oxu.Az xəbər verir ki, Aleksandr Oveçkin müsahibəsi o zaman NHL-in saytında yerləşdirilib.
A.Oveçkin açıqlamasında U.Qretskinin rekordunu qırmağı təsəvvür belə etmədiyini qeyd edib.
"Nə zamansa bu rekordu qıracağımı düşünmürəm, bunu etmək mümkünsüzdür. Bunun üçün altı mövsüm keçirməliyəm, hər mövsümdə 50 şayba vurmaq lazımdır. Bilmirəm hələ altı mövsüm oynaya biləcəyəmmi?", - deyə A.Oveçkin bir neçə ilə əvvəl verdiyi müsahibədə söyləyib.
Qeyd edək ki, "Vaşinqton"un rusiyalı hücumçusu A.Oveçkin NHL-in mövsümi çempionatlarında vurulan şaybaların sayına görə kanadalı hücumçu U.Qretskini geridə qoyaraq rekord qırıb. Vurulan qol A.Oveçkin üçün 895-ci olub. U.Qretskinin hesabında isə 894 vurulmuş şayba var. Hər iki oyunçu 1487 oyun keçirib. Beləliklə də, rusiyalı 26 illik rekordu yeniləyib.