Son günlərdə WhatsApp tətbiqində "üçüncü mavi işarə" funksiyasının istifadəyə verilməsi ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri və yerli xəbər portalları bu funksiyanın artıq aktiv olduğunu və mesajların üçüncü şəxslər - hətta hüquq-mühafizə orqanları tərəfindən oxunduğunu bildirən simvollarla müşayiət olunduğunu iddia edirlər.
Kriminal.az milli.az-a istinadla xəbər verir ki, yeni funksiya mesajın başqası tərəfindən oxunduğunu göstərir və istifadəçiyə əlavə nəzarət imkanı yaradır. İddialara görə, bu xüsusilə qrup çatlarında və mesaj yönləndirildikdə aktivləşir.
Hazırda mövcud sistemdə:
Bir boz işarə - mesajın göndərildiyini,
İki boz işarə - mesajın qarşı tərəfə çatdığını,
İki mavi işarə - mesajın oxunduğunu bildirir.
İddialara əsasən, yeni funksiyada "üçüncü mavi işarə"də olacaq. Bu işarə sayəsində mesajın digər bir şəxs tərəfindən də oxunduğunu bilmək mümkün olacaq. Hətta bəzi iddialarda bu işarənin qırmızıya çevrilməsi hüquq-mühafizə orqanlarının mesajı oxuduğunu göstərdiyi kimi şərh olunur. Lakin bu iddiaların heç biri rəsmi olaraq təsdiqlənməyib.
Meta şirkəti də bu barədə hər hansı dəyişiklik və ya funksiya barədə rəsmi açıqlama verməyib.