kriminal.az
Cenk Yükseldən Rüfət Aslanlıya edilən şikayət onun özünə göndərildi

Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya “Yapı Kredi Bank”ın rəhbərindən şikayətməktubu göndərmişdik, o isə həmin şikayət məktubunu bankın idarə heyətinin sədri Cenk Yükselin özünə göndərdi ki, Cenk özü öz barəsində tədbir görsün.

Ümumiyyətlə ,mətbuatda Rüfət Aslanlının Cenk Yüksellə dostluq münasibətində olduğu barədə oxumuşdum, ancaq düşünməzdim ki, Rüfət Aslanlının rəhbərlik etdiyi təşkilat açıq-aşkar hansısa bankın arxasında durmasını nümayiş etdirəcək.

Halbuki, 2016-cı ilin fevralında Prezident İlham Əliyevin fərmanına əsasən yaradılan, Azərbaycanda ilk publik hüquqi şəxs – Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyini və şəffaflığı təmin etməlidir. O habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini təmin edir.

Bu qurumun yaradılmasında məqsəd isə sadalanan sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

Ümumiyyətlə məlumat üçün bildirək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsisçisinin səlahiyyətləri dövlət başçısı tərəfindən həyata keçirilir. İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, üzvləri “Xalq Bank” ASC Müşahidə Şurasının sədri Asim Məmmədov, “Kapital Bank” ASC Müşahidə Şurasının sədri Cəlal Qasımov, “Unibank” ASC İdarə Heyətinin sədri Faiq Hüseynov, Dövlət Neft Fondunun investisiya departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyevdir.

Bir sözlə, keçən ildən fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatasının məramı çox gözəldir, amma görün Rüfət Aslanlı bu gözəl məramı necə həyata keçirir, üzərinə düşən vəzifəni necə yerinə yetirir, hörmətli prezidentin ona göstərdiyi etimadı necə doğruldur …

Mən bildiyimə görə vaxtı ilə banklara nəzarət Milli Bankda olanda baş bankir Elman Rüstəmov mətbuatda yerli banklarla bağlı gedən az qala hər bir tənqidi yazıya reaksiya verərdi,həmin bankdan izahat tələb edərdi. Bildiyimə görə Rüfət Aslanlı da bunu edir, ancaq özü üçün maraq kəsb edən banklarla bağlı.

Məsələn ,keçən il “Azər-Türk Bank”ın rəhbəri Fərhad Adıgözəlov bank rəhbərliyindən kənarlaşdırılaraq hüquq mühafizə orqanlarına təhvil verilib. Sonradan isə məlum oldu ki, bu məsələdə Rüfət Aslanlının böyük rolu olub. Bu haqda keçən il mətbuatda çıxan yazılarda da qeyd olunub.

Belə ki, həmin ərəfədə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilməsi və rəhbərlikdə dəyişiklik edilməsi barədə məlumat yayılmışdı. Bankın keçən il, dekabrın 2-də yaydığı rəsmi məlumata görə, iclasda “Azər-Türk Bank”ın İdarə Heyətinin (İH) tərkibinə dəyişikliklər edilmiş və Xalid Nurəddin oğlu Əhədov İH-nin üzvü seçilmişdir.

“Həmçinin İH-nin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq Xalid Əhədova həvalə edilib. O, yeni vəzifəsində Fərhad Adıgözəlovu əvəz edib.

Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub . Əlbəttə, Müşahidə Şurasının tələm-tələsik toplanması və Fərhad Adıgözəlovun, habelə bir neçə İH üzvünün “əlavə açıqlama” olmadan rəhbərlikdən kənarlaşdırılması ictimaiyyətdə suallar doğurmaya bilməzdi.

Qafqaznews-a məlumat verən mənbələr bildiriblər ki, Fərhad Adıgözəlovun bank rəhbərliyindən uzaqlaşdırılmasına, habelə İH-də baş verən “kompleks” dəyişikliklərə səbəb külli miqdarda vəsaitin “diqqətdən qaçması” olub.

Belə ki, mənbələrin məlumatına görə, “Azər-Türk Bank”da 128 milyon manatlıq qalmaqal yaşanıb və bu işə hüquq mühafizə orqanları da qarışıblar: “Fərhad Adıgözəlovun özü də hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və bir gündən sonra sərbəst buraxılıb”.

Həmçinin, məlumatda sözügedən bankın maliyyə naziri Samir Şərifovun kurasiyasında olduğu bildirilir.

Dekabrın 7-də isə Qafqaznews-a bank sektorundan daha yeni məlumatlar daxil oldu. Yeni daxil olan məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palata sədri Rüfət Aslanlının da bu maliyyə problemindən xəbəri olub və hüquq mühafizə orqanlarını da məsələyə məhz R.Aslanlı cəlb edib. “Lakin F.Adıgözəlovun hansısa əlaqələri sayəsində sərbəst buraxılmasından sonra, R.Aslanlının təkid və təzyiqləri ilə Adıgözəlov bank rəhbərliyindən kənarlaşdırıldı. İş o yerə çatıb ki, Müşahidə Şurasının üzvləri MBNP sədrinin tələbini təcili icra etməyə məcbur qalıblar və bu məsələnin çox “şişməməsi” naminə, Fərhad Adıgözəlovu “növbədənkənar” şəkildə bank rəhbərliyindən uzaqlaşdırıblar”, – deyə mənbə bildirib.

Onu da qeyd edək ki, ”Azər-Türk Bank” 2016-cı ili 10 milyon manatdan çox mənfəətlə başa vurub”,- bu haqda mətbuatda dərc olunan yazıların birində bildirlir. Amma maraqlıdır ki, özünə sərf etməyəndə Rüfət Aslanlı şikayətlərə,banklarda baş verən qanunsuzluqlara tam fərqli münasibət bəsləyir.

Məsələn, aşağıda təqdim etdiyimiz,saytların birində gedən şikayətdəki kimi: “Vətəndaş Məmməd Məmmədovun sözlərinə görə 2011-ci ildə o “Bank Avrasiya” ASC-dən 450 min dollar kredit götürüb, həmin kreditini 350 min dollarını ödəyib. Müraciət müəllifi qeyd edib ki, kredit götürdüyü zaman kreditin məbləğinin təminatı kimi məhkum Aygün Babaşova ilə razılaşmaya əsasən iki evini girov qoyub: “Sonradan Aygün Babaşovanın etibarımdan sui-istifadə etməklə əmlakımın ələ keçirilməsi faktı ilə 2015-ci ilin 11 martında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində 178.3-ci maddəsi ilə onun barəsində cinayəti işi başlanıb. Hazırda Babaşova azadlıqdan məhrum edilib. İstintaq müddətində aydın olub ki, Nəsimi rayonundakı evim “Bank Avrasiya” ASC-nin vəzifəli şəxsləri tərəfindən dələduz Aygün Babaşova ilə əlbir olaraq satılıb və alınan pullar tərəflər arasında bölüşdürülüb”.

Onun sözlərinə görə, bu cinayət işi Nərimanov rayon prokurorluğunun icraatına göndərilib: “Nəsimi rayonundakı evimin yüklülükdən çıxarılması barədə Əmlak Komitəsinin Reyestr Xidmətinə müraciət imzalayanlardan biri də Fuad Aslanovdur. Bankın vəzifəli şəxsləri ipotekaya qoyulmuş evlərdən birini ipotekadan çıxarıb, hazırda yaşadığım evi isə ipoteka yüklülüyündə saxlayıb. Evi satmaqla mənə külli miqdarda zərər vuran bank düz 1 ildən çox vaxt keçdikdən sonra 304 min dollar borcum olduğu barədə mənə rəsmi bildiriş göndərib. Əgər kredit borcu ödənilməyibsə mənzil ipoteka yüklülüyündən necə çıxarıla bilərdi? Bank vəzifəlilərinin bu arxayınlığının səbəbi Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının himayədarlığından irəli gəlir.

Belə ki, bankın sabiq idarə heyətinin sədri Fuad Aslanov Rüfət Aslanovun qardaşıdır. İstintaqın belə tez yekunlaşmasına da Rüfət Aslanlı kömək edib”. MBNP sədrinin sayəsində “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin sədr müavini Arif İsmayılov və baş mühasib məsuliyyətdən yayına bilir: “Hazırda Nərimanov Rayon Prokurorluğunda istintaq aparılır. Bankın kredit departamentinin rəhbəri Vüqar İlqar oğlu Əliyev barəsində həbs qətiimkan tədbiri seçilib. Lakin bankın möhürünün onda olması, sədrin əvəzinə saxtakarlıq etməsi və təkbaşına bu cinayəti törətməsi real deyil. Vüqar Əliyev Fuad Aslanovu xilas etmək üçün fədailik edib. Reyestr Xidmətinə müraciət məktubuna imza atan Fuad Aslanov olub. O isə bu imza atmadığını iddia edir. Onda niyə bir sədr kimi bu cinayətlərin baş verməsinə şərait yaradıb? Sədr müavini Arif İsmayılov da məsuliyyətdən yayınmaq üçün evin satılmasında xəbəri olmadığını və istintaqda bu məsələdən xəbər tutduğunu deyir. Lakin ipoteka yüklü mənzillər bankın balansına daxil edilir və həftəlik olaraq mühasib tərəfindən sədr və müavininə məlumat verilir. Sadəcə bu cinayətdən yayına bilməsinin səbəbi Fuad Aslanovun qardaşının Rüfət Aslanlı olması və vəzifə səlahiyyətindən istifadə etməsidir. Onun dələduzlara himayədarlıq etməsi Prezidentimizin siyasətinə birbaşa zidd hərəkətdir”. (politika.az)

Bir sözlə, lazım olanda Rüfət Aslanlı hətta yuxarı dairələrdə marağına uyğun fikir formalaşdıra bilir. Ancaq bu ona lazım olmayanda İbrahim Alışov kimi baş icraçı direktorlara tapşırıq verir ki, “şikayətçiyə şablon bir cavab yaz və kimdən şikayət olunubsa şikayət məktubunu elə həmin şəxsin üstünə də yönəlt , qoy həmin şəxs özü öz barəsində tədbir görsün.

Məlumat üçün bildirirəm ki, üç ildən artıqdır ki, “Qafqaz Xəbər Agentliyi” MMC-ni təsis edərək, həmin agentliyə rəhbərlik edirəm. Agentlik təsis olunan kimi, Yapı Kredi Bank-ın müştərisinə çevrilmişik. Bankın müştərisi olan gündən bank bizdən qazanc əldə edir. Ancaq buna baxmayaraq bankın rəhbər heyətində olan bir qrup şəxs bizimlə qərəzli mövqedə olduğu üçün öz müştərisinə -bizə qarşı göstərdiyi xidmətdə süründürməçilik edirlər. Və biz də ,bu problemlə üzləşdiyimizdən sonra, qərara gəldik ki, Bankın rəhbər heyətinin bizə qarşı qərəzli mövqedə olmaları və bizə göstərilən xidmətdə süründürməçilik etmələri barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya şikayət edək. Ancaq bankın bizə qarşı qərəzli mövqe tutan rəhbər şəxsləri Rüfət Aslanlıyla yaxın münasibətdə olduqları üçün Rüfət Aslanlı ona ünvaladığımız şikayət məktubunu elə Yapı Kredi Bank-ın rəhbərinin özünə göndərib ki, o özü-özünü cəzalandırsın.

Məsələyə tam aydınlıq gətirmək və bunun oxucularda maraq doğuracağını düşündüyümüzdən Rüfət Aslanlıya göndərdiyimiz şikayət məktubunu da bir daha təqdim edirəm: “Qafqaz Xəbər Agentliyi” MMC-nin bank hesabları Yapı Kredi Bank Azərbaycan-da açılıb. Şirkətimiz neçə illərdir ki, Yapı Kredi Bank-ın müştərisidir. Qanunda dəyişiklik ediləndən sonra əmək haqqımızı plastik kartlar vasitəsilə əldə etmək üçün, 25.05.2017-ci il tarixdə QX-132 nömrəli məktubla Yapı Kredi Bank -ın Nərimanov filialından kart sifariş etmişik. Ancaq bu günə kimi əmək haqqı kartları bizə verilmir. Bankın Nərimanov filialının əməliyyatçısı bildirir ki, sistem kartların hazır olduğu göstərir. Ancaq hansısa səbəbə görə kartlar bizə verilmir. Məlumat üçün bildirim ki, Yapı Kredi Bank-la bağlı Qafqaz Xəbər Agentliyinin Facebook səhifəsində bankın fəaliyyəti haqqında xəbər saytlarından məqalələr yerləşdirilib. Və buna görə də bank əsassız iddia ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırsa da Məhkəmə iddianı əsassız olduğu üçün təmin etməmişdir. Buna baxmayaraq, bankın rəhbərliyi öz hikkəsindən əl çəkmir. Bu məhkəmə çəkişməsinə rəğmən biz yenə də bu bankın müştərisiyik və bank bizdən neçə illərdir gəlir əldə edir. Bankın borcudur ki, müştərisinə layiqincə, qanuna uyğun şəkildə xidmət etsin. Bankın rəhbəri Cenk Yüksel və bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Heydər İsmayılov mənimlə prinsip apararaq çox güman əmək haqqı kartlarının verilməməsi barədə filial müdirinə göstəriş veriblər. Məlumat üçün bildirim ki, ölkə mətbuatında da bu bankla bağlı bir çox tənqidi məqalələrə rast gəlmək olar. Əsas da bu bankın problemi hər dəfə media nümayəndələri ilə baş verir. Sizdən xahiş edirəm ki, banklara nəzarətedici orqanın rəhbəri olaraq maaş kartlarımızın verilməsi üçün və yuxarıda qeyd etdiyim şəxslər barəsində müvafiq tədbir görəsiniz”.

Bu müraciətdən sonra, bizə 28 noyabr 2017-ci il tarixli 1721005219 nömrəli, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraşı derektoru İbrahim Alışovun imzası ilə çox gülməli bir cavab gəlib. Cavab məktubunda deyilir: “Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına daxil olmuş “Qafqaz Xəbər Agentliyi” MMC-nin müraciəti baxılması və araşdırılması üçün aidiyyəti üzrə göndərilir. ( “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri cənab Cenk Yükselə) Müraciətin araşdırılmasının nəticəsi barədə 3 (üç) gün ərzində Palataya və müraciətin müəllifinə məlumatın verilməsi xahiş olunur”.

Məlumat üçün bildirim ki, göstərilən müddətdən xeyli vaxt keçməsinə baxmayaraq biz Yapı Kredi Bank-dan müraciətimizin araşdırılmasının nəticəsi barəsində heç bir cavab məktubu almamışıq. Heç almayacayıq da, çünki, biz Rüfət Aslanlıya ünvanladığımız şikayət məktubumuzda qeyd etmişik ki, əsas şikayətimiz Cenk Yükseldəndir. İbrahim Alışov isə Cenk Yükselin özündən olan şikayəti elə onun öz üstünə ünvanlayıb ki, Cenk bəy özü öz barəsində araşdırmaya başlasın…

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur…

Top
0.089141845703125