kriminal.az
Sahibkarlığın İnkişafı Fondu BMT-nin Qlobal Sazişinə üzv olub

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzvlüyü təsdiqlənib.

Bu barədə SİF-dən bildirilib.

Bununla əlaqədar olaraq, Fondda Qlobal Sazişin nümayəndəsi ilə görüş keçirilib.

Görüşdə şəbəkənin Azərbaycan üzrə meneceri Samir Məmmədov SİF-in ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə qabaqcıl fəaliyyətini dəyərləndirərək, bu istiqamətdə atılan addımların əhəmiyyətini vurğulayıb. Həmçinin SİF-in beynəlxalq şəbəkəyə üzv olmasında qurumun fəaliyyətində nəzərə alınan ESG siyasətinin və Fondda yaradılmış “Yaşıl komanda”nın rolundan bəhs edib.

SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində Fondun fəaliyyətinin dəyərləndirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi strategiyaların və fəaliyyətlərin qurulmasında ətraf mühit, sosial və idarəetmə istiqamətlərinin nəzərə alınmasına yenidən diqqət çəkir.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Top
0.086461067199707