kriminal.az
Türkiyəli siyasətçi: “Seçkidən sonra bir çox partiyalarda yeni istefalar və qurultay qaçılmazdır”

“Seçkilərdən sonra bir çox partiyalar üçün üfüqdə yeni istefalar və qurultay prosesləri görünür”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Yenidən Rifah Partiyası xarici əlaqələr şöbəsinin rəhbəri Vefa Aktuz deyib.

Onun sözlərinə görə, Türkiyədə martın 31-də keçirilmiş yerli seçkinin nəticələri qeyri-rəsmi olsa da, artıq bəllidir:

“Bu seçki Türkiyənin demokratiyaya olan inamını qoruduğunu və son dərəcə demokratik proses həyata keçirdiyini göstərdi. Sözügedən seçkidə heç bir ciddi narazılığın yaşanmaması ən sevindirici haldır. Seçkinin nəticələrinə nəzər saldıqda görürük ki, seçicilər əsasən beynəlxalq arenadakı uğurları və müdafiə sənayesindəki inkişafı deyil, iqtisadi şərtləri əsas götürüblər. Müxalifət böyük ehtimalla bu seçkidə qazandığı uğuru növbəti parlament seçkisinə daşımağa çalışacaq. Prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan bu nəticələri müzakirə edərək dəyərləndirəcək, zəruri araşdırmalar apararaq uyğun tədbirlər görəcək. Yerli seçkinin nəticələri ilə bağlı daha aydın qiymətləndirmə aparmaq üçün rəsmi nəticələrin açıqlanmasını və dəqiq rəqəmlərin ortaya çıxmasını gözləmək lazımdır”.

Partiya rəsmisi bildirib ki, Yenidən Rifah Partiyasının seçkilərdə əldə etdiyi nəticələrə diqqət yetirmək lazımdır:

“Partiyanın 2023-cü il 14 may seçkiləri ilə müqayisədə səslərini müəyyən qədər artırdığını görürük. Bu nəticələrə əsasən deyə bilərik ki, bir böyük şəhər, bir vilayət, 43 rayon və 24 qəsəbə üzrə seçkilərdə Yenidən Rifah Partiyasının namizədləri qalib gəlib. Bu, əlbəttə, çox qürurvericidir”.

“Seçki Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) arasında əməkdaşlıq olduğunu bir daha təsdiqlədi. DEM Partiya ilə CHP-nin bu əməkdaşlığı onu göstərir ki, birincilər yerli idarəetmə orqanlarında öz qruplarını yarada bilərlər. Bu vəziyyət gələcəkdə yeni böhranların yaranması ehtimalından xəbər verir”, - deyə o bildirib.

V.Aktuz vurğulayıb ki, İYİ Partiya da bu seçkilərdə son parlament seçkilərində qazandığı səs həddinə yaxınlaşa bilməyib:

“Belə bir uğursuzluqdan sonra İYİ Partiyanın bütövlüyünü qoruyub saxlaya biləcəyi də sual altındadır. İYİ Partiya başda olmaqla, seçkidən əvvəl əldə etdikləri nəticələrə əsasən mövcudluğunu qoruyub saxlamaq imkanları müzakirə edilən bir çox partiyalar üçün üfüqdə yeni istefaların və qurultayın qaçılmaz olduğu görünür. Bu vəziyyətdə İYİ Partiyanın ürəkaçan nəticəyə doğru getdiyini söyləmək çox çətindir”.

Top
0.083623886108398