Ermənistanda daha çox qarışıqlıq yaratmaq məqsədi ilə keçirilən etiraz aksiyaları davam edir. Polis qüvvələri ilə etirazçılar arasında ara-sıra toqquşma da yaşanır. Etirazlar əvvəlki günlərlə müqayisədə hökumət üçün daha çox narahatlıq yaradır. Ötən gün yürüşçülərlə asayiş keşikçiləri arasında toqquşma olub. Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də hökumətin iclasında və iyunun 13-də parlamentdəki çıxışında ölkəsinin mövcud vəziyyətinə dair məsələlərə toxunub.
O bildirib ki, qarşıdurmanın məsuliyyəti ümumerməni katolikosu II Qaregin və keçmiş prezident Rober Koçaryanın üzərinə düşür. Yeri gəlmişkən, ikincinin oğlu, deputat Levon Koçaryanın cangüdəni etiraz aksiyasında polis qüvvələrinə hücum edənlər sırasındadır.
Bu aksiyanın iştirakçıları Paşinyanın istefasını tələb edirlər. Baş nazir məsələyə də aydınlıq gətirərək deyib: "Azı on dəfə demişəm, Ermənistan xalqı hökuməti dəyişmək istəsə, bunu edəcək". Bununla da keşiş Baqratın keçirdiyi tədbirin tələbi ilə istefa verməyəcəyini, belə bir niyyətinin olmadığını bildirib. Bu açıqlama həm də iyunun 17-də parlamentin növbədənkənar iclasının gündəliyinə cavab da sayıla bilər. Həmin iclas müxalifətin istəyinə uyğun olaraq keçirilir. Toplantıda Paşinyan və hökumətin istefası layihəsinin müzakirə olunacağı gözlənilir.
Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi məlumdur. Rəsmi Bakı bu mənasız qurumu çoxdan arxivə göndərib. Nikol Paşinyan da məsələ ilə bağlı bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra hətta, ondan əvvəl də bir-biri ilə təmasda olmayıb. Başqa sözlə, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil.
Paşinyan bununla Ermənistanın Azərbaycanla münaqişə vəziyyətində olmadığına işarə edib. Hökumət iclasındakı çıxışında o, kommunikasiya xətlərinin açılması və rəsmi Bakı ilə sülh sazişinin tezliklə imzalanması mümkünlüyündən də danışıb.
O, sülh sazişi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını tamamilə mümkün sayır.
Hökumət başçısı bu açıqlaması ilə Ermənistanda qarışıqlıq yaradanlara və yaratmaq istəyənlərə də ismarış göndərib. O, həm də 2020-ci il noyabrın 10-da atəşkəsə dair imzalanan Üçtərəfli Bəyanatın 9-cu maddəsinə əməl etməyə hazır olduqlarını sətiraltı vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu müddəada Zəngəzur yolunun açılmasının nəzərdə tutulduğunu bildirmişdi.
Prezident İlham Əliyev bu ilin əvvəlində yerli TV təmsilçilərinə müsahibəsində qeyd etmişdi ki, ölkənin qərb əyalətlərini Naxçıvanla birləşdirəcək Zəngəzur yolu açılmazsa, Ermənistanla sərhədlər açılmayacaq: "Ən uyğun variant Mehri rayonundan keçəcək marşrutdur. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlayış olmadan keçməlidir. Əks halda Ermənistan sonsuzadək dalana dirənəcək. Qeyd etdiyim marşrut açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq".
Nikol Paşinyan da sülh sazişində əvvəl kommunikasiyaların açılmasından danışmaqla bu yolun açılması ilə bağlı üzərilərinə düşəni edəcəklərini bildirib.
Rəsmi İrəvan bu addımı atarsa onda tərəflər arasında etimadın artmasına xidmət etmiş olar. Bu isə sülh sazişinin imzalanması prosesinin sürətləndirər.
Ermənistanın Rusiyaya etiraz vasitələrindən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Bu rəsmi İrəvanla Moskva arasında münasibətlərin gərginliyinin lakmusudur.
Nikol Paşinyan hər iki toplantıdakı çıxışında bu təşkilatla bağlı çıxış edib.
Hökumətin iclasında KTMT-də gələcək üzvlüyə dair belə açıqlama verib: "Biz qərar qəbul edəndə çıxacağıq". Bu bəyanat müxtəlif şəkildə yayıldı. Sonra fikrinin təhrif edildiyini bildirdi.
Baş nazir Nikol Paşinyan iyunun 13-də parlamentdəki çıxışında daha konkret olub: "Biz KTMT-də qalacağımızı deməmişik. Bizim suallarımız var. Onlara cavab axtaracağıq". O qeyd edib ki, məsələ ilə bağlı qərar verəcəklər: "Ancaq bu bir ay, bir il də çəkə bilər".
Paşinyan geri qayıtmaq istəyənlərə də ismarış verib: "Narahat olmayın, geri qayıtmacağıq".
O, Ermənistan dövlətini sıfır vəziyyətinə salmaq istəyənlərdən də danışıb.
Baş nazir müxalif deputatları tənqid edərək deyib: "Qarabağ sakinləri sizin üçün mitinq keçirmək üçün materialdır". Onun sözlərinə görə, müxalifətin hədəf ölkədə yeparxiya qurub, kef içində yaşamaqdır.
O əlavə edib ki, zəif hökumət, dövlət üçün fəlakətdir. Paşinyan müxalifətin buna cəhd etdiyini vurğulayıb. Hökumət başçısı aksiya iştirakçılarını təxribatçı adlandırıb: "Hamısı cinayət məsuliyyətinə cəlb edlməlidir".
Bu ismarışı da Qaregin və Koçaryanın havadarları üçün ismarış saymaq olar. Başqa sözlə, Paşinyan aksiyanın təşkilatçılarına qarşı cinayət işi başlayacağını gizlətməyib.
Nikolun parlamentdəki çıxışında qalmaqala səbəb ola biləcək növbəti açıqlama Belarusla bağlıdır.
Onun sözlərinə görə, bu gündən Ermənistanın heç bir rəsmi nümayəndəsi bu ölkəyə səfər etməyəcək: "Mən gedib Belarus prezidenti ilə KTMT formatında oturub bu məsələni müzakirə edə bilərəm? Nə qədər ki, Aleksandr Lukenşenko bu ölkənin prezidentdir, bir daha Belarusa səfər etməyəcəyəm".
Rusiya ilə Belarusun müttəfiqlik münasibətlərini nəzərə alsaq, bunu rəsmi İrəvanın Minskə etirazı kimi də qəbul etmək olar. A.Lukaşenko Ermənistanla bağlı məsələlərdə bir çox hallarda Rusiya rəsmilərinin mövqeyindən çıxış edir, onları dəstəkləyir. Ehtimal etmək olar ki, Paşinyan da bu mövqeyinə görə, Belarusa getməyəcəyini bildirir. Əslində o, bunu həm də Rusiyaya qarşı bir jest edir. Bunu belə də dəyərləndirmək olar - münasibətlərin gərginliyinə görə Moskvaya səfər etməməyə cürəti çatmasa da, Minsklə bağlı bu addımı ata bilər.
Hökumət başçısının iki çıxışını ümumi olaraq aşağıdakı kimi dəyərləndirmək olar:
- Paşinyan istefa verməyəcək. O dəyişikliyin yalnız seçki yolu ilə baş verə biləcəyi ismarışını verib;
- Aksiyanın sponsorunun ünvanını verib;
- Etiraz aksiyası təşkilatçıları saxlanılacaq, yaxud həbs olunacaq;
- Revanşistlərə və havadarlarına "geriyə yol yoxdur" ismarışı yollayıb;
- Bir az gec, bir az tez KTMT ilə münasibətləri bitirəcəklər;
- Rusiyaya KTMT və Lukaşenko açıqlamaları ilə ismarış verib;
- Azəbaycanla münasibətlərin normallaşması istiqamətində fəaliyyəti davam etdirəcək və s.
Nəhayət, Paşinyan bu çıxışları ABŞ-Ermənistan Strateji Dialoqun yekun iclasından, dövlət katibinin Avropa və Asiya işləri üzrə müavinin Ceyms O"Brayenlə görüşdən sonra edib. Bunun da baş verənlərlə əlaqəsi yox deyil.
"Report" İnformasiya Agentliyi