kriminal.az
Deputat:

"Ölkə başçısı TÜRKPA-nın nümayəndə heyətini qəbul edəndə çox ciddi mesajlar verib. Bunlardan biri də Ermənistanın revanşizm ideyası ilə əlaqəli olub".

Bu fikirləri Kriminal.Az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, Ermənistanın revanşist ideyası ölkə başçısı İlham Əliyevin Qafqazda sülh strategiyası və "Qafqaz Evi" ideyasına qarşı mane törətmək üçün irəli atılıb:

"Revanşizm Ermənistanın özünün də dövlət kimi quruculuğuna təhdid olan amildir. Revanşizm ideyası utopik olaraq dənizdən-dənizə ideyasından törənib, Ermənistanın konstitusiyasında da əks edilib. Bu, bir növ ermənilərin daim Azərbaycana, Türkiyəyə qarşı torpaq iddialarında olduqlarını göstərir. Ermənilər uşaq yaşlarından antitürk təbliğatı ilə "tərbiyə" olunublar, əgər buna tərbiyə demək olarsa. Yəni, revanşizm Ermənistan cəmiyyətində köklü, genetik səbəblərə dirənib. Buna xəstə təxəyyülün məhsulu demək olar. Dünyada çox az millətlər var ki, bütünlükdə belə bir xəstə təxəyyülə sahibdirlər, onlardan da biri ermənilərdir.

Təsadüfi deyil ki, Ermənistanda təkcə müxalifətin deyil, iqtidarın da daxilində bu ideyaların daşıyıcıları var. Onlar da xəyallar qururlar, özlərini aldadırlar ki, hansısa dövlət onların yerinə müharibə edəcək. Onlar hələ də inanırlar ki, hansısa dövlət onları Azərbaycana qalib gələcək qədər tam təchiz edəcək".

Millət vəkili onu da qeyd edib ki, ermənilər qondarma Dağlıq Qarabağ ideyasından imtina edə bilmirlər:

"Ümumiyyətlə heç cür barışa bilmirlər ki, Qarabağ Azərbaycana məxsusdur. Antikonstitusion müddəalar da ortadadır. Cənab prezidentin çıxışında bu istiqamətdə verdiyi mesajlar çox önəmlidir. Çünki bu, Ermənistanın öz varlığını belə təhlükə altına alır. Deyək ki, Azərbaycan sülh sazişi bağlamamaqla heç nə itirmir. Əksinə biz öz dövlət müstəqilliyimiz haqqında konstitusiya aktına əsaslansaq, 1918-1920-ci ildə yaranmış dövlətin varisiyik. Hətta Ermənistana daxil olan bir sıra ərazilər hüquqi və faktiki olaraq bizim ərazilərimiz olub. Bütün bunların fonunda revanşizm ideyasının Ermənistanın özünə çox ziyan olduğunu demək olar. Ermənilər nə qədər tez zamanda Azərbaycanla sülh sazişi imzalasa, Azərbaycanın ərazi bütövlüyünü tanısa, Ermənistanın özü üçün sabit inkişaf modeli ola bilər. Yoxsa ermənilər ömürboyu özlərinin revanşizm ideyalarının əsirinə çevriləcəklər və daim Azərbaycandan qorxaraq yaşayacaqlar.

Bilirsiniz ki, uzun illər Ermənistan bizim tarixi torpaqlarımızı işğal altında saxlayıblar. Bununla bağlı bizim beynəlxalq məhkəmələrdə müvafiq iddialarımız mövcuddur. Odur ki, düşünürəm ki, cənab prezident çox doğru fikir səsləndirib. Bu fikirlər həm Ermənistan dövlətinə xəbərdarlıqdır, həm də hər kəsə Azərbaycan dövlətinin mənafeyi ilə oynamaq olmaz mesajını ötürür. Çünki buna cəhd etmək istəyənlər olarsa, gələcəkdə hansı problemlərlə qarşılaşacaqlarını bilsinlər".

Könül Cəfərli

Top
0.082985877990723